Tədqiqatın məqsədi – elektron biznesin qlobal inkişafı kontekstində ayrı-ayrı ölkələr üçün xarakterik cəhətlərin tədqiqi yolu ilə ölkəmizdə onun iqtisadi artıma təsirinin optimallaşdırılması ilə bağlı təklif və tövsiyələrin hazırlanmasından ibarətdir. Bunun üçün müasir dövrdə elektron biznesin iqtisadi inkişafı sürətləndirən amil kimi təsirinin sistemli şəkildə öyrənilməsi diqqət mərkəzində saxlanılmışdır. Elektron biznesin inkişafı fonunda ayrı-ayrı ölkələr üzrə onun Ümumi Daxili Məhsulda xüsusi çəkisinin artım dinamikası təhlil edilmişdir. Azərbaycanda elektron ticarətin inkişaf xüsusiyyətləri son illərin statistik göstəriciləri əsasında təhlil olunmuş, ümumi və ölkə üçün özünəməxsus olan proseslər araşdırılmışdır.
Tədqiqatın metodologiyası – araşdırılan problemə sistemli və kompleks yanaşma, habelə müasir dövrdə e-biznesin iqtisadi artıma təsirinin müxtəlif aspektlərdən müqayisəli təhlili, ümumiləşdirilməsi və qiymətləndirilməsi ilə bağlı metodlardan ibarətdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – alınmış nəticələrdən e-biznesin qlobal inkişafı şəraitində onun ayrı-ayrı ölkələrdə makroiqtisadi göstəricilərə, habelə iqtisadi artıma təsirinin öyrənilməsi və yüksəldilməsi ilə bağlı problemlərin həll olunmasında istifadə edilə bilər.
Tədqiqatın nəticələri – qlobal çağırışlar və ölkənin inkişaf səviyyəsi nəzərə alınmaqla e-biznesin inkişafının iqtisadi artıma təsirinin yüksəldilməsi ilə bağlı fəaliyyət mexanizmlərinin tətbiqi üzrə təklif və tövsiyələrin hazırlanmasından ibarətdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – məqalədə baxılan problemlərin həlli üzrə dünya təcrübəsindən çıxış etməklə müasir şəraitin tələblərinə uyğun yanaşmalar formalaşdırılmışdır. Qlobal bazarda əhəmiyyətli paya malik olmaq uğrunda mübarizə aparan müxtəlif ölkələrdə elektron biznesin iqtisadi artım göstəricilərə təsirinin təhlili sahəsində yerinə yetirilən tədqiqatlar araşdırılmış və sistemləşdirilmişdir. Elektron biznesin qısamüddətli dövrdə iqtisadiyyata bir çox cəhətdən fayda gətirməsi şübhə doğurmasa da hazırkı mərhələdə elektron biznesin inkişafının daha çox məcmu istehlakın artırılması, daha doğrusu kəmiyyət hesabına əldə edildiyi bildirilir. İqtisadiyyatın real sektorunda və e-biznesin inkişafı fonunda formalaşan qarşılıqlı iqtisadi münasibətlərin təhlili əsasında elektron biznesin iqtisadi artıma təsirinin tədqiqində ölkənin özünəməxsus xüsusiyyətlərinin nəzərə alınmasının zəruriliyi əsaslandırılır. Azərbaycanda elektron pərakəndə ticarətin Ümumi Daxili Məhsuldakı xüsusi çəkisinin dinamikası təhlil edilməklə ümumilikdə elektron biznesin iqtisadi artım göstəricilə-rinə təsirinin yüksəldilməsi ilə bağlı təklif və tövsiyələr irəli sürülmüşdür.
Açar sözlər: elektron biznes, elektron kommersiya, elektron ticarət, makroiqtisadiyyat, iqtisadi artım, ümumi daxili məhsul.