Tədqiqatın məqsədi - Azərbaycan şirkətlərində insan resurslarının idarə edilməsinin (İRİ) mövcud vəziyyətini sistemli şəkildə təhlil etmək, bu sahədə mövcud olan əsas problemləri müəyyənləşdirmək və onların aradan qaldırılması istiqamətində praktik və strateji xarakterli tövsiyələr irəli sürməkdən ibarətdir.
Tədqiqatın metodologiyası - araşdırma prosesində sistemli yanaşma, müqayisəli təhlil, statistik məlumatların işlənməsi və analitik metodlardan istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - irəli sürülən tövsiyələr Azərbaycan şirkətlərində insan kapitalından daha səmərəli istifadə olunmasına, onların rəqabət qabiliyyətinin artırılmasına və insan resursları idarə etməsinin strateji tərəfdaş roluna yüksəldilməsinə real töhfə verə bilər. Bu yanaşma ölkənin dayanıqlı iqtisadi inkişafının təmin olunmasına da xidmət edir.
Tədqiqatın nəticələri - aparılmış təhlillər göstərir ki, yerli şirkətlərin əksəriyyətində insan resursları funksiyaları hələ də əsasən inzibati xarakter daşıyır, strateji idarəetmə sisteminə inteqrasiya zəifdir, rəqəmsal texnologiyaların tətbiqi və kadrların inkişafına yönəlik investisiyalar isə məhdud səviyyədə qalır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - Azərbaycan şirkətlərində insan resurslarının idarə edilməsi ilk dəfə olaraq rəqəmsal transformasiya, strateji planlaşdırma və istedadların idarə olunması prizmasından kompleks şəkildə araşdırılmışdır.
Məqalədə irəli sürülən nəticə və təkliflər Azərbaycan şirkətləri üçün tətbiqi xarakter daşıyaraq insan kapitalının effektiv idarə olunmasına, rəqabət üstünlüklərinin formalaşdırılmasına və dayanıqlı inkişafın təmin edilməsinə yönəlmişdir.
Açar sözlər: insan resursları, Azərbaycan şirkətləri, strateji İRİ, kadr inkişafı, performansın idarə edilməsi.