X Ü L A S Ə
Tədqiqatın məqsədi – Azərbaycan bank sistemində rəqəmsal manatın tətbiqinin zəruriliyini və bu prosesin uçot sistemlərinin transformasiyasına təsirini araşdıraraq, beynəlxalq təcrübə fonunda milli maliyyə infrastrukturunun rəqəmsal inkişaf perspektivlərini qiymətləndirməkdir.
Tədqiqatın metodologiyası – mövcud elmi ədəbiyyatların təhlili, beynəlxalq təcrübənin müqayisəli analizi və Azərbaycan Mərkəzi Bankının rəqəmsal manat layihəsinə dair konseptual sənədlərinin təhlili əsasında aparılmışdır.
Tədqiqatın tətbiqi əhəmiyyəti - rəqəmsal manatın tətbiqi ilə bağlı qərarların verilməsində, bank uçot sistemlərinin rəqəmsal transformasiyaya hazırlanmasında və maliyyə institutlarının strateji planlaşdırmasında praktik tövsiyələr təqdim etməklə, ölkənin rəqəmsal maliyyə ekosisteminin formalaşdırılmasına dəstək verməsidir.
Tədqiqatın nəticələri - rəqəmsal manatın tətbiqinin Azərbaycan üçün həm texnoloji, həm institusional, həm də iqtisadi baxımdan zəruri olduğu müəyyən edilmiş, bu prosesin bank uçot sistemlərində ciddi transformasiya ehtiyacı yaratdığı və Mərkəzi Bank ilə kommersiya bankları arasında əməkdaşlığın uğurlu tətbiqi üçün həlledici rol oynadığı nəticəsinə gəlinmişdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – Azərbaycan kontekstində rəqəmsal manatın tətbiqi və onun uçot sistemlərinə təsiri ilk dəfə sistemli şəkildə təhlil olunmuş, beynəlxalq təcrübə ilə müqayisəli yanaşma əsasında milli maliyyə infrastrukturu üçün uyğun model və risklərin idarə olunması mexanizmləri elmi əsaslarla irəli sürülmüşdür.