X Ü L A S Ə
Tədqiqatın məqsədi - aviasiya şirkətlər timsalında rəqabət davranışlarının idarə edilməsinin nəzəri-metodoloji əsaslarını araşdırmaq, rəqabət aktivliyinin formalaşma mexanizmini təhlil etmək və strateji menecment çərçivəsində rəqabət üstünlüklərinin əldə edilməsinə yönəlmiş təkliflər irəli sürməkdir.
Tədqiqatın metodologiyası - sistemli analiz, müqayisəli yanaşma, empirik müşahidə, qrafik təhlil və funksional qiymətləndirmə metodlarından istifadə olunmuşdur.
Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqat nəticələri şirkətlərdə rəqabət davranışlarının effektiv idarə olunması, bazar mövqeyinin möhkəmləndirilməsi və strateji qərarların qəbulunda istifadə oluna biləcək tövsiyələrin verilməsi baxımından əhəmiyyətlidir.
Tədqiqat nəticələri - tədqiqat göstərir ki, rəqabət aktivliyinin hər 1% artımı şirkətin bazar payında təxminən 0,25–0,30% artımına səbəb olur və bu prosesin idarə olunması şirkətin maliyyə dayanıqlığı və uzunmüddətli inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - rəqabət davranışının idarə olunması ilk dəfə “müəssisə–xarici mühit” sistemi kontekstində kompleks yanaşma ilə təhlil edilmişdir. Elmi yenilik ondan ibarətdir ki, rəqabət davranışı yalnız bazar daxilindəki mübarizə kimi deyil, həm də innovasiya resurslarının cəlb olunması, strateji planlaşdırmanın optimallaşdırılması və rəqabət aktivliyinin sistemli şəkildə qiymətləndirilməsi kontekstində araşdırılmışdır.
Açar sözlər: rəqabət davranışı, strateji idarəetmə, rəqabət aktivliyi, rəqabət üstünlüyü, rəqabət qabiliyyəti, maliyyə dayanıqlığı.