Tədqiqatın məqsədi - Azərbaycanda innovasiya mühitinin təkmilləşdirilməsi problemləri və həlli yollarının müəyyənləşdirilməsindən ibarətdir. Bu məqsədlə ölkəmizdə innovasiya mühitinin təkmilləşdirilməsi problemləri açıqlanmışdır. Milli iqtisadiyyatın inkişafı və onun səmərəliliyinin artırılmasında innovasiyaların əhəmiyyəti araşdırılmışdır. İnnovasiyaların işlənməsi, yayılması və innovasiya proseslərinin idarəetmə metodlarının təkmilləşdirilməsinin vacibliyi əsaslandırılmışdır. Ölkədə mövcud innovasiya mühitinin təkmilləşdirilməsi və investorlar üçün əlverişli innovasiya mühitinin yaradılması, innovasiya infrastukturunun formalaşdırılması ilə bağlı məsələlərə baxılmışdır.
Tədqiqatın metodologiyası - sistemli və müqayisəli təhlil, innovasiya mühitinin təkmilləşdirilməsi problemləri və həlli yolları üzrə vacib məsələlərdən çıxış etməklə, metodoloji yanaşmalar və üsullardan, müxtəlif tədqiqatçıların elmi baxışlarından və əsərlərində yer almış elmi müddəalardan, fikir və mülahizələrdən ibarətdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqatda verilmiş materiallardan və əldə olunmuş nəticələrdən Azərbaycanda milli innovasiya sisteminin formalaşdırılması, bu sahədəki problemlərin həll olunması məqsədilə zəruri konsepsiya və strategiyaların, kompleks tədbirlərin, dövlət proqramlarının hazırlanmasında, həmçinin dərsliklərin və dərs vəsaitlərinin yazılmasında istifadə oluna bilər.
Tədqiqatın nəticələri – müasir dövrdə innovasiya mühitinin təkmilləşdirilməsi problemləri və həlli yollarının müəyyənləşdirilməsi üzrə konseptual yanaşmaların təmin edilməsi, tövsiyələr və təkliflərin hazırlanmasıdır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat işi qoyulan problemlər üzrə müxtəlif tədqiqatçıların elmi əsərlərinə istinad olunsa da, əsas etibarı ilə müəllif yanaşması, müəllif təxəyyülü və əldə etdiyi nəticələrdən ibarətdir. Tədqiqatın elmi yeniliyin əsasında Azərbaycanda innovasiya mühitinin təkmilləşdirilməsi problemləri və həlli yolları üzrə müasir baxışların formalaşdırılması və əsaslandırılmasıdır. Ölkəmizdə innovasiya proseslərinin sürətləndirilməsi, inovasiya mühitinin cəlbediciliyinin artırılmasının vacibliyini şərtləndirən amillər sistemləşdirilmiş və ümumiləşdirilmişdir. İnnovasiyaların işlənməsi, hazırlanması və tətbiqini ləngidən amillər, səbəblər sistemli şəkildə araşdırılmış və açıqlanmışdır.
Açar sözləri: innovasiya mühiti, innovasiya fəaliyyəti, yeni texnika, texnologiyalar bazarı, innovasiyalar bazarı, innovasiya siyasəti, innovasiya-investisiya cəlbediciliyi.