Tədqiqatın məqsədi - Azərbaycanda qeyri-neft sektorunun tənzimlənməsinin qanunvericilik bazasının gücləndirilməsi məsələlərinin tədqiqindən ibarətdir. Bu məqsədlə qeyri-neft sektorunun inkişafı prosesləri və prioritet fəaliyyət istiqamətlərinin tənzimlənməsi mexanizmləri təhlil olunmuşdur. İnvestisiyaların qorunması, investisiya fəaliyyətinin stimullaşdırılması ilə bağlı qanunvericilik bazasının adekvatlığı baxılmış və qiymətləndirilmişdir. Qeyri-neft sektorunun müxtəlif sahələrinə investisiyaların daha fəal cəlbinə imkan verən qanunvericilik bazasının yaradılmasının vacibliyi bildirilmişdir. Bu istiqamətdə tətbiq edilən fəaliyyət mexanizmlərinin müasir dövrün çağırışlarına uyğun şəkildə tənzimlənməsinin əhəmiyyəti açıqlanmışdır.
Tədqiqatın metodologiyası - sistemli və kompleks təhlil, qeyri-neft sektorunun tənzimlənməsinin qanunvericilik bazasının gücləndirilməsi məsələləri üzrə metodoloji yanaşmalar və üsullardan, bu sahədə dünya təcrübəsinin əsas müddəalarından və müasir dövrün yanaşmalarından ibarətdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqatda verilmiş materiallardan və əldə olunmuş nəticələrdən Azərbaycanda qeyri-neft sektorunun tənzimlənməsinin qanunvericilik bazasının gücləndirilməsi istiqamətində tədbirlərin hazırlanmasında, yeni qanunların və qanunvericilik aktlarının qəbul edilməsində istifadə oluna bilər.
Tədqiqatın nəticələri – Azərbaycanda qeyri-neft sektorunun tənzimlənməsinin qanunvericilik bazasının gücləndirilməsi üzrə müasir dövrün tələblərinə uyğun şəkildə konseptual yanaşmaların təmin edilməsi, tövsiyələr və təkliflərin hazırlanmasıdır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat işində baxılan problemlər fundamental araşdırılmaqla, onların mahiyyəti açıqlanmışdır. Qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədilə, güclü infrastrukturun və maddi-texniki bazanın yaradılmasına imkan verən qanunvericilik aktlarının və normativ sənədlərinin hazırlanmasının tezləşdirilməsinin vacibliyi əsaslandırılmışdır. Sahibkarlığın inkişafına mane olan amillərin aradan qaldırılmasını sürətləndirən dövlət tənzimlənməsi mexanizmlərinin hazırlanması və tətbiq olunmasının vacibliyi ön plana çəkilmişdir. Qeyri-neft sektorunun inkişafının və tənzimlənməsinin qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə, kiçik və orta sahibkarlıq səviyyəsində inkişafın təmin edilməsinin hüquqi bazanın gücləndirilməsinə xüsusilə diqqətin göstərilməsinə zərurətin olması əsaslandırılmışdır.
Açar sözlər: qeyri-neft sektoru, iqtisadiyyatın tənzimlənməsi, qanunvericilik bazası, qeyri-neft sektorunun inkişaf istiqamətləri, iqtisadiyyatın inkişafına mane olan problemlər, innovasiya fəaliyyəti, milli innovasiya sistemi.