Tədqiqatın məqsədi - müasir şəraitdə qlobal iqtisadi çağırışların kəskinləşdiyi mürəkkəb dövrdə istehlak malları üzrə xarici ticarətdə idarəetmənin iqtisadi-təşkilatı aspektlərinin dərindən araşdırılmasından çıxış etməklə, bu sahədə idarəetmənin maksimum səmərəliliyinin artırılması yollarının müəyyənləşdirilməsidir.
İstehlak malları üzrə xarici ticarətin idarəetmə sisteminin müasir dövrün tələblərinə adekvat təkmilləşdirilməsi və yenilənməsi vacib məsələlərdəndir. Şübhəsiz, bu mürəkkəb problemin həllində dövlətin fəal iştirakı olmadan müsbət nəticələr əldə etmək qeyri-mümkündür. Dövlət fəal olaraq xarici ticarət əlaqələrinin inkişafı üçün güclü qanunvericilik bazasının formalaşdırılması, işlək mexanizmlərin yaradılması və tətbiqi, bu sahədə stimullaşdırıcı tədbirlərin görülməsi ilə məşğul olmalıdır. Xarici ticarət əlaqələrinin genişləndirilməsi ilə əlaqədar olaraq ölkənin beynəlxalq əmək bölgüsü sistemində və əmtəə bazarlarında səmərəli ixtisaslaşması üçün tədbirlərin genişləndirilməsini, dünya ticarət sistemindəki mənfi təsirlərdən milli iqtisadiyyatın qorunmasını və Azərbaycanlı istehsalçıların – ixracatçıların dünya bazarlarında möhkəmləndirilməsini tələb edir.
Tədqiqatın metodologiyası - Sistemli və kompleks yanaşma, müqayisəli təhlil, müasir dövrdə beynəlxalq təcrübənin ümumiləşdirilməsi və qiymətləndirilməsi ilə bağlı metodlardan istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqat işinin nəzəri-metodoloji və digər nəticələri baxılan problemlər üzrə tədqiqat işlərinin aparılmasında, istehlak malları üzrə xarici ticarətin idarəetmə sisteminin təkmilləşdirilməsində, müasirləşdirilməsində istifadə oluna bilər.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - işin əsas elmi yeniliyi respublikada istehlak malları üzrə xarici ticarətin idarəetməsinin iqtisadi – təşkilatı problemlərinin kompleks tədqiqi ilə bağlıdır. Xarici ticarətin tənzimlənməsi və istehlak malları üzrə xarici ticarətin idarəetmə sisteminin elmi əsaslandırılması üzrə fərqli yanaşma verilmiş, xarici bazar proseslərinin idarə-edilməsinə nəzəri baxışlar elmi kontekstdən əsaslandırılmışdır.
Açar sözlər: xarici ticarət, ixrac-idxal əməliyyatları, beynəlxalq ticarət, rəqabət, beynəlxalq təcrübə, iqtisadi mənfəət, iqtisadi əlavə dəyər, səmərəlilik.