İqtisadi liberallaşma şəraitində xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin metodoloji əsasları

Tədqiqatın məqsədi  artıq bu dərk edilmiş bir həqiqətdir ki, dünya təsərrüfat sisteminin bütövləşdiyi və beynəlxalq iqtisadi münasibətlərin qloballaşdığı müasir dövrdə milli iqtisadiyyatın formalaşması və inkişafı prosesində qarşıya çıxan problemlərin uğurlu həlli, əhəmiyyətli dərəcədə, xarici iqtisadi fəaliyyətin məqbul vasitələrlə genişləndirilməsi və inkişafı hesabına ölkə iqtisadiyyatının dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasından asılıdır. Bu onunla şərtlənir ki, dünya təsərrüfat sisteminə fəal surətdə qoşulmaqla dövlətlər, bir tərəfdən iqtisadiyyatın daha səmərəli strukturunu formalaşdırmaq, müasir texnika və texnologiya əldə etmək, mütərəqqi təsərrüfatçılıq və idarəçilik təcrübəsi qazanmaq və s. bu kimi mühüm problemləri həll etmək, digər tərəfdən isə, özlərinin beynəlxalq əmək bölgüsündə malik olduqları üstünlükləri reallaşdırmaq imkanları əldə etmiş olurlar.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, dünya təsərrüfat sisteminə səmərəli inteq-rasiya kortəbii şəkildə baş vermir. Bunun üçün dünya təsərrüfat sistemində gedən qlobal proseslər, ölkənin beynəlxalq əmək bölgüsündə malik olduğu üstünlüklər, milli iqtisadiyyatın inkişaf potensialı və konkret şəraitin xüsusiyyətləri nəzərə alınmaqla məqsədyönlü xarici iqtisadi siyasətin aparılması lazım gəlir. Bu isə, öz növbəsində, xarici iqtisadi fəaliyyətin beynəlxalq hüquq normalarına və mütərəqqi dünya təcrübəsinə əsaslanan və dünya təsərrüfat sisteminin, beynəlxalq iqtisadi münasibətlərin və milli iqtisadiyyatın inkişaf xüsusiyyətlərini və perspektivlərini nəzərə alan mükəmməl və çevik dövlət tənzimlənməsi sisteminin yaradılmasını nəzərdə tutur.

Tədqiqatın metodologiyası  sistemli və kompleks yanaşma, müqayisəli təhlillərdən həmçinin müasir dövrdə beynəlxalq iqtisadi əlaqələrdə dövlət tənzimlənməsinin səmərəlilik problemləri üzrə metodoloji yanaşmalar və üsullardan ibarətdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – tədqiqatda verilmiş materiallardan və əldə olunmuş nəticələrdən Azərbaycanın xarici iqtisadi əlaqələrində milli iqtisadi maraqların təmin olunması problemlərinin həlli üzrə sistemli tədbirlərin, kompleks yanaşmaların hazırlanmasında istifadə oluna bilər. Tədqiqatlar göstərir ki, xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin nəzəri, metodoloji  və praktiki  problemləri  həmişə  iqtisad  elminin  diqqət  mərkəzində olmuşdur.

Tədqiqatın nəticələri – beynəlxalq iqtisadi əlaqələrin artdığı, iqtisadi inteqrasiyanın genişləndiyi və qloballaşdığı bir şəraitdə xarici iqtisadi əlaqələrin tənzimlənməsinin bütün istiqamətləri üzrə təsirli mexanizmlərin, tövsiyə və təkliflərin hazırlanmasıdır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi tədqiqat işində baxılan problemlər istiqamətində əsaslı araşdırmalar aparılmış, beynəlxalq iqtisadi əlaqələrin tənzimlənməsi üzrə mühüm problemlər və onların mahiyyəti açıqlanmışdır. Beynəlxalq iqtisadi əlaqələrin tənzimlənməsi üsulları və onların səmərəlilik məsələləri sistemli şəkildə tədqiq olunmuş və iqtisadi inkişaf proseslərində onların strateji əhəmiyyəti əsaslandırılmışdır. Beynəlxalq iqtisadi əlaqələrin maksimum səmərəli təşkili üzrə dövlət tənzimlənməsi mexanizminin vacibliyi bildirilmişdir.

Açar sözlər: iqtisadi liberallaşma, açıq iqtisadiyyat, dövlət tənzimlənməsi, iqtisadi qloballaşma, iqtisadi əməkdaşlıq, milli iqtisadiyyat, dünya təsərrüfatı.

Fayl

PDF

Buraxılış

№1 - 2020

Müəllif

Aslanov Habil Hüseyn oğlu

Eyvazov Zöhrab Səməd oğlu