AZƏRBAYCANDA BƏRPA OLUNAN ENERJİ İNVESTİSİYALARININ İQTİSADİ ARTIMA TƏSİRİ

X Ü L A S Ə

Tədqiqatın məqsədi - bərpa olunan enerji investisiyalarının Azərbaycanın iqtisadi inkişafına təsirini ekonometrik metodlar əsasında qiymətləndirmək, enerji sektorunda struktur transformasiyasının makroiqtisadi artımdakı rolunu müəyyənləşdirmək və yaşıl enerji investisiyalarının iqtisadi şaxələndirmə strategiyasındakı yerini əsaslandırmaqdır.

Tədqiqatın metodologiyası - 2005-2024-cü illəri əhatə edən illik statistik məlumatlar əsasında zaman sırası üzrə çoxdəyişənli reqressiya modeli qurulmuşdur. Real ÜDM-in illik artım tempi asılı dəyişən kimi götürülmüş, bərpa olunan enerji investisiyaları əsas izahverici dəyişən kimi modelə daxil edilmişdir. Sabit kapital qoyuluşları, karbon emissiyaları və ümumi enerji istehlakı nəzarət dəyişənləri kimi istifadə olunmuş, dəyişənlərin stasionarlığı Augmented Dickey-Fuller testi ilə yoxlanılmışdır.

Tədqiqatın tətbiqi əhəmiyyəti - nəticələr enerji və investisiya siyasətinin formalaşdırılması və iqtisadi şaxələndirmə strategiyasının təkmilləşdirilməsi üçün praktik əsas yaradır.

Tədqiqatın nəticələri - əldə edilmiş nəticələr göstərir ki, enerji sektorunda investisiyaların struktur dəyişməsi iqtisadi artımın dinamikasına əhəmiyyətli təsir göstərir və yaşıl enerji sektorunun genişlənməsi daha dayanıqlı inkişaf modelinə keçidi stimullaşdırır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - bərpa olunan enerji investisiyalarının Azərbaycan iqtisadiyyatı kontekstində zaman sırası ekonometrik model çərçivəsində sistemli və kompleks qiymətləndirilməsi, enerji strukturu, investisiya və ekoloji amillərin vahid empirik model daxilində qarşılıqlı təsirinin təhlil edilməsidir.

Açar sözlər: bərpa olunan enerji investisiyaları, iqtisadi inkişaf, yaşıl enerji, karbon emissiyaları, enerji siyasəti, ekonometrik analiz, Azərbaycan iqtisadiyyatı.

https://doi.org/10.30546/2707-2037.052.2.2026.1059

Fayl

PDF

Buraxılış

№2 - 2026

Müəllif

Əfəndiyeva Leyla Abdurahman qızı