X Ü L A S Ə
Tədqiqatın məqsədi - ölkənin rəqabətqabiliyyətlilik səviyyəsinin iqtisadi təhlükəsizlik göstəricilərinə təsir mexanizmlərini müəyyənləşdirmək, bu qarşılıqlı əlaqənin mikro və makro səviyyədə təzahür formalarını araşdırmaq və empirik əsaslarla rəqabətqabiliyyətlilik artımının milli iqtisadi təhlükəsizliyə necə töhfə verdiyini elmi əsaslarla əsaslandırmaqdan ibarətdir.
Tədqiqatın metodologiyası - qarışıq (mixed) yanaşmaya əsaslanır: həm kəmiyyət, həm də keyfiyyət metodları tətbiq olunmuşdur. Panel məlumatların empirik təhlili üçün panel reqressiya modeli istifadə edilmiş, müqayisəli təhlil Azərbaycan, Türkiyə, Polşa və Cənubi Koreya üzrə aparılmışdır. Paralel olaraq institusional və SWOT analizlər tətbiq olunmuş, rəqabətqabiliyyətlilik və iqtisadi təhlükəsizlik indikatorları arasında korrelyasiya əlaqəsi statistik əsaslarla müəyyənləşdirilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqat nəticələri iqtisadi siyasətin formalaşdırılmasında, xüsusilə rəqabətqabiliyyətlilik və milli təhlükəsizlik arasında balanslı strateji yanaşmaların hazırlanmasında tətbiq oluna bilər. Eyni zamanda, əldə olunan empirik sübutlar Azərbaycan iqtisadiyyatında rəqabət əsaslı inkişaf modellərinin tətbiqi, ixrac strategiyalarının optimallaşdırılması və idarəetmə səmərəliliyinin artırılması istiqamətində qərarvericilər üçün praktiki tövsiyələr təqdim edir.
Tədqiqatın nəticələri - tədqiqat göstərdi ki, ölkənin rəqabətqabiliyyətlilik səviyyəsi ilə iqtisadi təhlükəsizlik göstəriciləri arasında statistik baxımdan əhəmiyyətli müsbət əlaqə mövcuddur. Panel reqressiya təhlilinə əsasən, rəqabətqabiliyyətlilik indeksində hər 1 bəndlik artım iqtisadi təhlükəsizlik indeksində orta hesabla 0,42–0,5 bəndlik yüksəliş yaradır. Eyni zamanda, institusional səmərəlilik və innovasiya investisiyaları bu əlaqəni gücləndirən əsas amillər kimi çıxış edir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, rəqabətqabiliyyətlilik indikatorları ilk dəfə olaraq milli iqtisadi təhlükəsizlik kontekstində empirik model əsasında araşdırılmış və GCI ilə ESI indeksləri arasındakı əlaqə praktik göstəricilərlə əsaslandırılmışdır. Araşdırma rəqabətqabiliyyətliliyi yalnız iqtisadi artım faktoru deyil, həm də milli təhlükəsizliyin struktur elementi kimi izah edən yeni konseptual yanaşma təqdim edir.
Açar sözlər: rəqabətqabiliyyətlilik, iqtisadi təhlükəsizlik, innovasiya, ixrac potensialı, makroiqtisadi sabitlik, qlobal iqtisadiyyat, dayanıqlı inkişaf.