X Ü L A S Ə
Tədqiqatın məqsədi – əhalinin xarici (beynəlxalq) miqrasiyasının Azərbaycanın insan kapitalına təsirini təhlil etmək, itkilərin əsas kanallarını və əmək bazarı ilə demoqrafik struktur səviyyəsində mümkün kompensasiya mexanizmlərini müəyyənləşdirməkdir.
Tədqiqatın metodologiyası – akademik ədəbiyyatın icmalı və tematik təhlili, rəsmi miqrasiya məlumatlarının təsviri və struktur-dinamik təhlili; beynəlxalq miqrasiyanın insan kapitalına təsirini müəyyənləşdirmək məqsədilə nəticələrin müqayisəli şərhi və vizuallaşdırılması.
Tədqiqatın tətbiqi əhəmiyyəti – nəticələr ixtisaslı kadrların ölkədə saxlanılması və geri dönüşünün təşviqi, miqrasiya və təhsil siyasətinin tənzimlənməsi, eləcə də qeyri-neft artımı üçün insan kapitalının “axını” risklərinin qiymətləndirilməsi zamanı istifadə oluna bilər.
Tədqiqatın nəticələri – xarici miqrasiyanın fazalı dinamikası aşkar edilmişdir: nisbi sabitləşmə dövrləri miqrasiya axınının (xüsusən çıxışın) güclənməsi ilə əvəzlənir ki, bu da insan kapitalının vəziyyətinə təsir göstərir. Axınların nəzərəçarpan yaş selektivliyi müəyyən olunmuş, əsas konsentrasiya iqtisadi fəal yaş qruplarında müşahidə edilmişdir; gələnlər və gedənlərin profillərinin müqayisəsi yığılmış insan kapitalının itirilməsi riskinin yüksəldiyini göstərir. Kompensasiya istiqamətləri əsaslandırılmışdır: qayıdanların reinteqrasiyası, ixtisaslı kadrların saxlanılmasına stimul paketləri, xaricdən selektiv şəkildə kompetensiyaların cəlbi və diasporalar vasitəsilə bilik transferi.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – 2024-cü ilədək Azərbaycan üzrə xarici miqrasiyanın insan kapitalı üçün “itkilər və kompensasiyalar balansı” yanaşması ilə təhlili aparılmışdır; miqrasiya selektivliyinin indikatorları (yaş payları, istiqamətlərin konsentrasiya əmsalları) təklif edilmiş və “kompensasiya paketi” üzrə praktiki yönümlü tövsiyələr formalaşdırılmışdır.
Açar sözlər: xarici miqrasiya, insan kapitalı, beyin axını, əmək bazarı, demoqrafiya, miqrasiya siyasəti, diaspor.