Tədqiqatın məqsədi - iqtisadiyyatın audit və vergi yükü kimi əhəmiyyət kəsb edən məsələlər üzrə araşdırma aparmaqdır. Həmçinin, məqalədə ilk dəfə yeni konsepsiya kimi irəli sürülən audit yükünün əsaslandırılması və qiymətləndirmə metodikasının müəyyən edilməsi amili də əsas məqsəd olaraq götürülür.
Tədqiqatın metodologiyasını vergi yükü və auditin əsasları, onların yaranma xüsusiy-yətləri ilə bağlı iqtisadi ədəbiyyatlarda və digər mənbələrdə olan araşdırmalar təşkil edir.
Tədqiqatın tətbiqi əhəmiyyəti vergi və audit yükü üzrə nəzəri və praktik təhlil və qiymətləndirmələrin aparılması ilə bağlıdır. Həmçinin, hər iki iqtisadi yükün ölkə və MDB məkanında müəyyən olunub, qiymətləndirilməsi praktiki baxımdan həyata keçirilir. Vergi və audit yükünün makroiqtisadi göstəricilər ilə əlaqəli şəkildə qiymətləndirilməsi aparılır.
Tədqiqatın nəticələri. Audit xidmət bazarı MDB ölkələrində hələ kifayət qədər inkişafı ilə müşahidə olunmur və bu baxımdan da onun iqtisadiyyata təsiri elə də yüksək səviyyədə deyildir. Audit yükünün iqtisadiyyata təzyiq vasitəsi kimi çıxış etməsinə baxmayaraq, o həm də biznes sektorunun inkişafına verdiyi faydalarla da özünü göstərir. Audit yükü vergi yükü kimi ölkədə daha çox icbari əsaslarda yaranmaqdadır. Auditin iqtisadiyyat və biznes sahələri üçün faydasının artması könüllü audit xidmətlərinin inkişafını zəruriləşdirməkdədir.
Tədqiqatın əsas orijinallığı və elmi yeniliyi ondan ibarətdir ki, məqalədə ilk dəfə audit yükü kimi konseptual baxış irəli sürülür və o, ölkə və MDB müstəvisində mövcud mənbələr əsasında vergi yükü ilə birgə qiymətləndirilir. Audit və vergi yükünün müəyyən olunub, birgə makroiqtisadi baxımdan qiymətləndirilməsi həm nəzəri, həm də praktik baxımdan əhəmiyyət kəsb edir.
Açar sözlər: audit, audit yükü, vergi yükü, makroiqtisadiyyat, makroiqtisadi göstəri-cilər, qanunvericilik bazası.