AZƏRBAYCANDA ORTA TƏBƏQƏNİN MALİYYƏ MƏNBƏLƏRİNİN STRUKTURU: DÖVLƏT VƏ ÖZƏL SEKTORUN MÜQAYİSƏLİ TƏHLİLİ

X Ü L A S Ə

Tədqiqatın məqsədi - Azərbaycanda orta təbəqənin maliyyə mənbələrinin strukturunu dövlət və özəl sektorlar üzrə müqayisəli şəkildə təhlil etməkdir. Araşdırma gəlir səviyyə­sin­dən daha çox gəlirin mənbəyi, sabitliyi və institusional qorunması kimi amillərə fokuslanaraq orta təbəqənin iqtisadi dayanıqlığını müəyyən edən əsas mexanizmləri ortaya qoymağı hə­dəf­ləyir.

Tədqiqatın metodologiyası - deskriptiv-statistik yanaşma və müqayisəli institusional təh­lil metodlarına əsaslanır. Dövlət və özəl sektor üzrə məşğulluq və gəlir mənbələri analiz edil­miş, seçilmiş ölkələr üzrə müqayisəli yanaşma vasitəsilə institusional mühitin orta təbə­qə­nin formalaşmasına təsiri qiymətləndirilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - araşdırmanın nəticələri sosial-iqtisadi siyasətin forma­laşdırılması, orta təbəqənin maliyyə dayanıqlığının gücləndirilməsi və gəlir mənbə­lərinin struktur risklərinin azaldılması baxımından praktik əhəmiyyət daşıyır. Xüsusilə dövlətə yük­sək asılılıq şəraitində iqtisadi davranış modellərinin və özəl sektorun institusional məhdu­diy­yətlərinin daha aydın anlaşılmasına imkan yaradır.

Tədqiqatın nəticələri - araşdırma göstərir ki, Azərbaycanda orta təbəqənin əhəmiyyətli hissəsi birbaşa və ya dolayı şəkildə dövlət sektoru və büdcə əsaslı gəlir mənbələrindən ası­lıdır. Dövlət sektoru gəlir sabitliyi və sosial təminatlar yaratsa da, riskdən qaçan iqtisadi dav­ranışları və institusional asılılığı gücləndirir. Özəl sektor isə potensial olaraq daha yüksək və çevik gəlir imkanları təqdim etsə də, institusional qeyri-müəyyənliklər və müstəqil kapita­lın məhdud genişlənməsi onun orta təbəqə yaratma potensialını zəiflədir. Müqayisəli təhlil orta təbəqənin maliyyə mənbələrinin strukturunun institusional mühit və iqtisadi azadlıqların sə­viy­yəsi ilə sıx bağlı olduğunu təsdiqləyir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - orta təbəqəni yalnız gəlir səviyyəsi ilə deyil, gəlir mənbələrinin institusional xarakteri və dayanıqlılığı prizmasından təhlil etməsindədir. Tədqiqatda gəlir mənbələrinin diversifikasiyası normativ çağırış kimi deyil, struktur risklərin azaldılmasına yönəlmiş texniki və institusional zərurət kimi əsaslandırılır ki, bu da mövcud ədə­biyyata alternativ analitik yanaşma təqdim edir.

Açar sözlər: orta təbəqə, maliyyə mənbələri, dövlət sektoru, özəl sektor, iqtisadi ası­lı­lıq, institusional mühit, iqtisadi azadlıqlar.

http://doi.org/10.59610/bbu1.2026.1.3.

Fayl

PDF

Buraxılış

№1 - 2026

Müəllif

Sadıqov Yunus Musa oğlu