Tədqiqatın məqsədi-məqalədə kiçik sahibkarlığın inkişafını xarakterizə edən altı əsas göstəricilər üzrə modelləşmə həyata keçirilmişdir. Bu məqsədlə modelləşmənin tərtib edilməsi ayrı-ayrılıqda hər bir göstəricinin dəyişmə xəttinin nəzərə alınaraq mümkün proqnoz metodikası ortaya qoyulmuşdur. Nəzərdən keçirilən əsas göstəricilərə yaradılmış əlavə dəyər, ümumi mənfəət, işçilərin orta illik sayı, orta aylıq əmək haqqı, əsas kapitala investisiyalar və dövriyyə aid edilmişdir. İstifadə edilən riyazi üsullar kimi Matlab proqram paketindən, Darbin-Uotson meyarından, Fişer meyarından, Student meyarından və s. göstərmək olar.
Respublikada son illərdə həyata keçirilən iqtisadi islahatlar, xüsusən də sahibkarlığın inkişafı ilə bağlı dövlət tədbirləri kiçik və orta sahibkarlığın inkişafında da öz sözünü demişdir. Strateji Yol Xəritələrinin 2017-ci ildən başlayaraq hədəflərinin reallaşdırılması bu sahədə iqtisadi göstəriciləri müsbət dinamikaya yönəldə bilmişdir. Nəzərə almaq lazımdır ki, sahibkarlıq subyektlərinin yaranması, fəaliyyəti və qeydiyyatı ilə bağlı çox ciddi maneələr mövcud olmuşdur. Məhz son illərdə dövlət dəstəyinin keyfiyyət baxımından yeni müstəvidə aparılması, ölkə başçısının bu sahənin inkişafını daha da diqqətdə saxlaması nəticəsində ciddi dəyişikliklər əldə edilə bilmişdir.
Tədqiqatın metodologiyası-sistemli təhlil, riyazi, statistik, modelləşmə, funksional yanaşma və s. ibarətdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti-tədqiqatda verilmiş materiallar, hesablamalar və modelləşmələr üzrə əldə edilən nəticələr Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafında, onların fəaliyyət səmərəliliyinin artırılmasında, praktiki tətbiqlərin icra olunmasında və bu istiqamətdə aparılan elmi-tədqiqat işlərində istifadə oluna bilər.
Tədqiqatın nəticələri-müasir mərhələdə kiçik və orta tipli sahibkarlığın dinamik inkişafında qarşıya çıxan bir sıra problemlərin həlli yollarının müəyyənləşdirilməsində, yanaşmaların, tövsiyə və təkliflərin hazırlanmasından ibarətdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi-təqdim olunmuş məqalədə müxtəlif alimlərin elmi yanaşmaları və modellərindən istifadə edilmişdir. Lakin bununla yanaşı əsas diqqət müəlliflərin yanaşmalarına verilmişdir. Məqalədə əsas yenilik ondan ibarətdir ki, kiçik sahibkarlığın inkişafında önə çıxan əsas makroiqtisadi göstəricilər üzrə Matlab proqram paketindən, Darbin-Uotson meyarından, Fişer meyarından, Student meyarından istifadə edilməklə həmin göstəricilərin gələcək dövrlər üçün proqnozlaşdırılması verilmişdir. Bu aspektdə əldə olunan nəticələr və irəli sürülən təkliflər kiçik sahibkarlığın inkişafında dövlət dəstəyinin əsas hədəf indekatorlarına uyğundur.
Açar sözlər: kiçik sahibkarlıq, əlavə dəyər, proqnoz, mənfəət, əmək haqqı, model, meyar, dövriyyə, əsas kapital, test, statistik, riyazi və s.