Son 20 ildə ölkəmizdə həyata keçirilmiş kompleks iqtisadı islahatlar, eləcə də müasir iqtisadi münasibətlərin strukturunda baş vermiş dəyişikliklər bu münasibətlərdə dövlətin rolu-nun da xeyli dərəcədə dəyişilməsi ilə nəticələnmişdir. Hazırda fərqli mülkiyyət formalarının birlikdə yaratdığı iqtisadi proseslərdə dövlətin rolunu, funksiya və metodlarını daha dəqiq müəyyən edə biləcək yeni, müasir konseptual iqtisadi münasibətlər sisteminə və ya yanaşmalara ehtiyac yaranmışdır. Bu münasibətlərin bir istiqaməti də dövlət-özəl tərəfdaşlığı modelinin tətbiqini nəzərdə tutur. Məqalə dövlət-özəl tərəfdaşlığı modelinin mahiyyəti və bu modelin tətbiqində dünya təcrübəsinin təhlilinə həsr edilmişdir.
Tədqiqatın məqsədi – dövlət-özəl tərəfdaşlığı modelinin elmi-metodoloji əsaslarını tədqiq etmək və bu modelin tətbiqində dünya təcrübəsinin statistik təhlilini həyata keçirməkdir.
Tədqiqatın metodologiyası – analiz və sintez, statistik və müqayisəli təhlil, kəmiyyət analizi.
Tədqiqatın tətbiqi əhəmiyyəti – dövlət-özəl tərəfdaşlığı modelinin iqtisadi əhəmiyyətinin və tətbiqi üzrə dünya təcrübəsinin təhlili perspektivdə Azərbaycanda bu modelin səmərəli tətbiq edilə biləcəyi təsərrüfat sahələrinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynaya bilər.
Tədqiqatın nəticələri – dövlət-özəl tərəfdaşlığı modelinin mahiyyəti müəyyənləşdirilmiş və onun tətbiqinin dünya təcrübəsi müqayisəli təhlil olunmuşdur.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – çoxsaylı mənbələrdə öz əksini tapmış tədqiqat işlərinin təhlili əsasında dövlət-özəl tərəfdaşlığı modelinin tətbiqinin dünya təcrübəsinin riyazi-statistik analizi ilk dəfə sistemləşdirilmiş şəkildə təqdim edilmişdir.
Açar sözlər: dövlət-özəl tərəfdaşlığı (Public-Private Partnership (PPP)), tender, özəlləşdirmə, SEM, Partnerschaften Deutschland, The National Council for Public-Private Partnerships.