Tədqiqatın məqsədi - məqalədə Azərbaycanın beynəlxalq ticarət əlaqələrinin inkişafı və dünya təsərrüfatına inteqrasiyası mərhələləri, əsas prinsipləri tədqiq edilir. Xüsusi ilə beynəlxalq səviyyədə qəbul edilmiş qaydalar, mövcud mexanizmlər və tam hüquqlu tərəfdaş olmanın modelləri göstərilmişdir.
Tədqiqatın metodologiyası - Azərbaycanla dünya ölkələri və beynəlxalq təşkilatlar arasında əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri təhlil edilmişdir. Bu istiqamətdə beynəlxalq səviyyədə reytinq qiymətləndirmələrinə diqqət yetirilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - müasir dövrdə Azərbaycanın iqtisadi və siyasi strategiyası dünyada baş verən qlobal iqtisadi proseslərlə bilavasitə bağlıdır. Respublikanın bazar iqtisadiyyatına keçməsi onun dünya siyasətində və beynəlxalq aləmdə bir subyekt kimi tanınması ilə yanaşı cəmiyyətin iqtisadi, siyasi və demoqrafik strukturasını bütövlükdə dəyişmişdir. Respublikada mövcud stabil şəraitin hesabına iqtisadiyyatın əsas prioritetləri müəyyən edilmiş, bazar iqtisadiyyatında yeniləşməni həyata keçirmək məqsədi ilə müvafiq maliyyə strukturları və milli iqtisadiyyatın inkişafı, xarici və yerli kapitalın cəlb olunması üçün şəraitlər yaradılmışdır. Beynəlxalq münasibətlərin müasir sisteminin əsas fərqli cəhəti ümumi iqtisadi, mədəni, sivil, siyasi və hərbi maraqlara malik möhkəm əməkdaşlığın formalaşması və inkişafından ibarətdir.
Tədqiqatın nəticələri - dünyada yaranmış “intizam” hər bir ölkədən xüsusi ilə yeni müstəqillik əldə etmiş respublikalardan milli təhlükəsizlik və iqtisadi müstəqilliyin qorunması üçün xarici və daxili amillərin təsirinin özünəməxsus kombinasiyasını tələb edir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - beynəlxalq rəqabət dövlətin qarşısında müəyyən qaydaların yerinə yetirilməsi zəruriyyətini yaradır. Yəni dövlət, milli iqtisadiyyatın rəqabət aparmaq qabiliyyətini təmin etməkdən ötrü təbii sərvətlərin və iqtisadiyyatın mühüm sahələrinə, ölkə vətəndaşları və iş adamlarının mənafelərinin, eləcə də milli nəzarətin qorunmasına yönəlmiş bu qaydaları ölkəsinə aid uyğunlaşdırmalıdır.
Açar sözlər: tranzit,ticarət, kapital, inteqrasiya, iqtisadi mexanizmlər, maliyyə bazarı.