Tədqiqatın məqsədi - məqalədə maliyyə-bank mexanizmlərinin səmərəliliyinin artırılmasında sistem əhəmiyyətli bankların strateji əhəmiyyəti tədqiq olunmuşdur. Bu məqsədlə maliyyə-bank mexanizmlərinin mahiyyəti və əsas komponentləri təhlil olunmuşdur. Maliyyə-bank mexanizmlərinin səmərəliliyinin artırılmasında bankların rolu açıqlanmışdır. Ölkənin maliyyə-bank sisteminin sabitliyində və səmərəli fəaliyyət göstərməsində bankların strateji əhəmiyyəti əsaslandırılmışdır. Bank sektorunun sabit və məhsuldar fəaliyyəti hesabına maliyyə-bank mexanizmlərinin makroiqtisadi və makromaliyyə göstəricilərinin tarazlaşdırılmasında funksiyaları təhlil edilmişdir. Maliyyə xidmətləri bazarının tələblərinə uyğun şəkildə maliyyə-bank mexanizmlərinin təkmilləşdirilməsi problemlərinə baxılmışdır.
Tədqiqatın metodologiyası - sistemli və müqayisəli təhlil, maliyyə-bank mexanizmlərinin səmərəlilik prinsiplərindən çıxış etməklə, metodoloji yanaşmalar və üsullardan, müxtəlif tədqiqatçıların elmi baxışlarından və əsərlərində yer almış elmi müddəalardan, fikir və mülahizələrdən ibarətdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqatda verilmiş materiallardan və əldə olunmuş nəticələrdən Azərbaycanda maliyyə-bank mexanizmlərinin səmərəliliyinin yüksəldilməsində, yeni strategiyaların və fəaliyyət mexanizmlərinin hazırlanmasında, eyni zamanda dərsliklərin və dərs vəsaitlərinin yazılmasında istifadə edilə bilər.
Tədqiqatın nəticələri – müasir dövrdə maliyyə-bank mexanizmlərinin səmərəliliyinin yüksəldilməsi problemləri və həlli yollarının müəyyənləşdirilməsi üzrə konseptual yanaşmaların təmin edilməsi, tövsiyələr və təkliflərin hazırlanmasıdır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat işində qoyulan problemlər üzrə müxtəlif tədqiqatçıların elmi əsərlərinə istinad olunmuşdur, amma bununla belə müəllif təxəyyülü üstünlük təşkil edir. Tədqiqatın elmi yeniliyi əsas etibarı ilə maliyyə-bank mexanizmlərinin səmərəliliyinin yüksəldilməsinə müasir baxışların təmin edilməsi və bu mexanizmlərin yeni maliyyə-bank çağırışlarına uyğun şəkildə təkmilləşdirilməsinin vacibliyinin əsaslandırılmasıdır. Tədqiqat işində sistem əhəmiyyətli bankların multiplikativ xüsusiyyətləri hesabına maliyyə-bank mexanizmlərinin səmərəliliyinin yüksəldilməsi məsələləri sistemləşdirilmişdir. Sistem əhəmiyyətli bankların fəaliyyətinin təkmilləşdirilməsi problemləri açıqlanmış və onların həllində dəstəkləyici mexanizmlərin, o cümlədən dövlət dəstəyi mexanizmlərinin fəal şəkildə tətbiq olunmasının vacibliyi əsaslandırılmışdır.
Açar sözləri: maliyyə-bank mexanizmləri, sistem əhəmiyyətli banklar, maliyyə xidmətləri bazarı, sistem əhəmiyyətli bankların funksiyaları, sistem əhəmiyyətli bankların strateji əhəmiyyəti, maliyyə-bank mexanizmlərinin səmərəlilik problemləri.