Dünya təcrübəsi göstərir ki, bütün dövrlərdə dövlət sosial-iqtisadi inkişafda mühüm rol oynayır. Səmərəli fəaliyyət göstərən bazar iqtisadiyyatının ən mühüm xarakterik cəhətlərindən biri onun mülkiyyət formalarının çoxluğuna, xüsusi və dövlət bölmələrinin optimallığına, iqtisadiyyatın dövlət tənzimlənməsi və təsərrüfatçılığın bazar mexanizmlərinə əsaslanan çoxukladlı olmasıdır. Bazar iqtisadi sisteminin mahiyyətinə uyğun olaraq iqtisadiyyatın strukturunda xüsusi bölmə kəmiyyətcə üstünlük təşkil etməklə iqtisadiyyatın rəqabətli inkişafında, məhdud resursların səmərəli istifadəsində cəmiyyətin xüsusi qarışıq nemətlərə qədər təmin olan tələbatları həlledici rol oynayır. Bununla yanaşı dövlət bölməsi qarışıq iqtisadiyyatın bir hissəsi olub dövlət tərəfindən tam nəzarət edilən və dövlətin mülkiyyətində olan bir bölmədir. İqtisadiyyatın dövlət bölməsinə bir qayda olaraq təhsil, səhiyyə və sosial xidmətlər, ictimai nəqliyyat, milli və yerli dövlət müəssisə və korporasiyaları daxildir. Məlumdur ki, bazar iqtisadi sistemi, hər şeydən əvvəl ictimai- dövlət mülkiyyətinin xüsusi mülkiyyətə çevrilməsini tələb edir.
Bazar iqtisadiyyatı sistemində də dövlətin iqtisadiyyata müdaxiləsi zəruri olmuşdur. Sadəcə olaraq müdaxilənin miqyası, formaları, vasitələri və istiqamətləri təkamülə uğramışdır. O da məlumdur ki, bazar iqtisadiyyatı şəraitində dövlətin əsas iqtisadi funksiyaları hər bir konkret halda mövcud ölkənin sosial-iqtisadi siyasətinin məqsədlər sistemi və xarakteri ilə şərtlənir. Belə bir şəraitdə iqtisadiyyatın dövlət tənzimlənməsinin səmərəliliyi onların iqtisadiyyatda mövcud olan mürəkkəb, bir çox hallarda ziddiyyətli proseslərə nə dərəcədə adekvat olmasından asılıdır.
Məqalədə məhz bu və digər məsələlər öyrənilmiş, dövlət bölməsinin səmərəli inkişaf strategiyasına müəyyən edilməsi sahəsində iqtisadiyyatın dövlət tənzimlənməsi üzrə bir sıra tövsiyə və təkliflər verilmişdir.
Açar sözlər: iqtisadi siyasət, səmərəli inkişaf, iqtisadiyyatın tənzimlənməsi, milli iqtisadiyyat, bazar iqtisadiyyatı, makroiqtisadi tənzimləmə.