X Ü L A S Ə
Tədqiqatın məqsədi - makroiqtisadi göstəricilərin proqnozlaşdırılmasında istifadə olunan metod və yanaşmaları, onların müqayisəli xarakteristikasını vermək, həmçinin naukastinq əsasında makroiqtisadi göstəricilərin proqnozlaşdırılması imkanlarını araşdırmaqdır.
Tədqiqatın metodologiyası - tədqiqatın ümumelmi və xüsusi metodlarının kombinasiyası, idarəetmə qərarlarının qəbul edilməsi proseslərində maşınla öyrənmə texnologiyalarının, həmçinin təhlil və proqnozlaşdırmada riyazi və statistik metodların tətbiqidir. Tədqiqatın fərziyyəsi yaxın perspektivdə naukastinqin alternativ makroiqtisadi təhlil metodu olacağından ibarətdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - rəqəmsal transformasiya şəraitində maşınla öyrənmə texnologiyalarının iqtisadi tədqiqatlarda tətbiqi yeni paradiqmadır. Real vaxt rejimində mühüm makroiqtisadi meyilləri aşkar etməyə imkan verən naukastinq yanaşmasının yüksək dəqiqlikdə proqnozların işlənib hazırlanmasında mühüm praktiki əhəmiyyəti ola bilər.
Tədqiqatın nəticələri - tədqiqatın nəticələrinin yüksək praktiki əhəmiyyəti vardır. Belə ki, statistika təcrübəsində mühüm makroiqtisadi göstəricilərin əksəriyyəti rüblük əsasda təşkil edilir. Rüblük məlumatların üstünlüyü səbəbindən, ümumiləşdirilmiş məlumatlar üzrə rüblük ekonometrik modellər daha geniş yayılmışdır. Bu cür modellərin praktiki istifadəsində bir sıra problemlər, o cümlədən makroiqtisadi göstəricilərin yeni qiymətlərinin daxil edilməsində gecikmələr, fasilə tezlikləri bağlı olaraq dəyişənlərin dinamikasında məlumat itkisi və ilkin məlumatlara yenidən baxılması zərürəti yaranır. Ona görə də ilkin məlumatlara yenidən baxılması (vintage data) və real vaxt məlumatlarının (real time data) proqnozlara təsirinin qiymətləndirilməsi ilə bağlı məsələlərə iqtisadi tədqiqatlarda xüsusi diqqət yetirilir ki, bunlar da proqnozların dəqiqlik səviyyəsinin artırılmasında mühüm rol oynayır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - makroiqtisadi göstəricilərin real vaxta yaxın dəqiqliklə proqnozlaşdırılmasına yönəlmiş yeni metodoloji yanaşma kimi naukastinq metodunun tətbiqinin uğurlu təcrübəsinin təsvir edilməsi və sistemləşdirilməsindən, həmçinin onun əsas prinsipi olan, yeni məlumatlar əldə olunduqca makroiqtisadi göstəricilərin daha dəqiq proqnozlaşdırılmasının həyata keçirilməsi mümkünlüyünü əsaslandırmaqdan ibarətdir.
Açar sözlər: makroiqtisadi göstəricilər, proqnozlaşdırma, maşınla öyrənmə texnologiyaları, real vaxt rejimi, qısamüddətli proqnozlaşdırma, naukastinq.