X Ü L A S Ə
Tədqiqatın məqsədi vençur kapital və biznes mələkləri mexanizmlərinin Azərbaycan kiçik və orta sahibkarlıq subyektlərinin (KOS) maliyyələşdirilməsində rolunu və təsir imkanlarını qiymətləndirməkdir.
Tədqiqatın metodologiyası - tədqiqat çərçivəsində institusional və müqayisəli təhlil metodlarından, eləcə də beynəlxalq təcrübənin öyrənilməsindən istifadə olunmuşdur. Araşdırmada Azərbaycan maliyyə ekosisteminin mövcud vəziyyəti təhlil edilmiş, vençur kapital və biznes mələklərinin KOS-ların innovasiya potensialına, rəqabət qabiliyyətinə və davamlı inkişafına təsiri qiymətləndirilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti ondan ibarətdir ki, əldə edilən nəticələr KOS-ların maliyyələşdirilməsi sahəsində siyasət formalaşdıran qurumlar, startap ekosistemi iştirakçıları və investorlar üçün praktik tövsiyələr təqdim edir.
Tədqiqatın nəticələri - göstərir ki, alternativ maliyyələşmə mexanizmlərinin inkişafı KOS-ların maliyyə resurslarına çıxışını əhəmiyyətli dərəcədə genişləndirə bilər.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqatın orijinallığı Azərbaycan şəraitində vençur kapital və biznes mələkləri mexanizmlərinin kompleks şəkildə təhlil edilməsində, elmi yeniliyi isə bu mexanizmlərin KOS-ların inkişafında sistemli rolunun konseptual əsaslarla müəyyənləşdirilməsindədir.
Açar sözlər: kiçik və orta sahibkarlıq, vençur kapital, biznes mələkləri, maliyyələşdirmə, Azərbaycan, investisiya.