X Ü L A S Ə
Tədqiqatın məqsədi - dayanıqlı inkişaf məqsədləri kontekstində Azərbaycanda maliyyə uçotu sisteminin mövcud vəziyyətini təhlil etmək, əsas normativ, institusional və metodoloji problemləri müəyyənləşdirmək və onların həlli üzrə elmi-praktiki tövsiyələr hazırlamaqdır.
Təqiqatın metodologiyası - sistemli və kompleks yanaşmaya, müqayisəli analiz, statistik təhlil və analitik ümumiləşdirmə metodlarından istifadəyə əsaslanmışdır. İnformasiya bazasını beynəlxalq təşkilatların (Dünya Bankı-DB, Beynəlxalq Valyuta Fondu-BVF, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı -İƏİT) və milli mənbələrin məlumatları təşkil edir. Təhlil Ətraf mühit, Sosial aspektlər və İdarəetmə aspektləri - ESG yanaşması əsasında aparılmışdır.
Tədqiqatın tətbiqi əhəmiyyəti ondan ibarətdir ki, əldə olunan nəticələr normativ islahatların hazırlanmasında, ESG hesabatlılığın tətbiqində, şəffaflığın artırılmasında və mühasibat uçotu üzrə təhsil sisteminin təkmilləşdirilməsində istifadə oluna bilər.
Tədqiqatın nəticələri - Azərbaycanda maliyyə uçotu sistemi beynəlxalq standartlara uyğunlaşsa da, bir sıra sistemli problemlər qalmaqdadır. Beynəlxalq Maliyyə Hesabatı Standartlarının (BMHS - İFRS) tətbiqi əsasən iri müəssisələrdə cəmləşir, KOB-larda isə məhduddur. “ESG” göstəricilərinin maliyyə hesabatlarına inteqrasiyası hələ də zəif səviyyədə qalır, maliyyə və vergi uçotunun yüksək dərəcədə inteqrasiya olunması isə müəssisələrin analitik və idarəetmə imkanlarını məhdudlaşdırır. Bununla yanaşı, rəqəmsallaşma prosesində mövcud olan qeyribərabərlik, ixtisaslı insan kapitalının çatışmazlığı və ESG məlumatlarına investor marağının yetərincə formalaşmaması da müasir uçot sisteminin inkişafına maneə yaradan əsas problemlər sırasında yer alır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - maliyyə uçotunun Azərbaycanda ilk dəfə dayanıqlı inkişaf və ESG kontekstində kompleks təhlilindədir. İşdə İFRS tətbiq səviyyəsi strukturlaşdırılmış şəkildə qiymətləndirilmiş, səbəb-nəticə-risk matrisi təqdim olunmuş və problemlər vahid analitik çərçivədə sistemləşdirilmişdir.
Açar sözlər: dayanıqlı inkişaf, maliyyə uçotu, ESG, IFRS, inteqrasiya olunmuş hesabatlılıq, rəqəmsallaşma, korporativ idarəetmə, şəffaflıq.