X Ü L A S Ə
Tədqiqatın məqsədi – Azərbaycanda qiymətli kağızlar bazarının formalaşma mərhələlərini və mövcud inkişaf səviyyəsini təhlil etmək, əsas məhdudiyyətləri və problemləri müəyyənləşdirmək, həmçinin bazarın dərinləşdirilməsi üçün yeni alətlərin və institusional islahatların tətbiqi imkanlarını araşdırmaqdır.
Tədqiqatın metodologiyası – araşdırmada müqayisəli, iqtisadi-statistik, amillər üzrə və sistemli təhlil metodlarından istifadə olunaraq, Azərbaycanın qiymətli kağızlar bazarı beynəlxalq göstəricilərlə müqayisə edilmiş və rəsmi statistik məlumatlar əsasında obyektiv nəticələr əldə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – araşdırmanın nəticələri qiymətli kağızlar bazarının inkişafı üçün nəzəri əsasların formalaşdırılmasına, eləcə də dövlət siyasətinin təkmilləşdirilməsi, emitentlərin şəffaflığının artırılması, investor strategiyalarının diversifikasiyası və nəzarət mexanizmlərinin gücləndirilməsi üçün praktiki tətbiqə xidmət edir.
Tədqiqatın nəticələri – Azərbaycanda qiymətli kağızlar bazarı hələ də inkişaf mərhələsində olmaqla dövlət istiqrazlarına əsaslanır, lakin yeni alətlərin – yaşıl istiqrazların, rəqəmsal aktivlərin tətbiqi bazarın inkişafı üçün mühüm perspektivlər açır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqatın orijinallığı qiymətli kağızlar bazarının inkişafının yalnız makroiqtisadi göstəricilər əsasında deyil, sosial və institusional müstəvidə də kompleks şəkildə təhlil olunmasında özünü göstərir. Elmi yeniliklər isə alternativ maliyyələşdirmə vasitələrinin bazara inteqrasiyası və Qarabağ regionunun bərpası kimi strateji hədəflərin maliyyələşdirilməsində rolunun ilk dəfə ayrıca analitik müstəvidə araşdırılmasından ibarətdir.
Açar sözlər: qiymətli kağızlar bazarı, kapital bazarı, korporativ idarəetmə, yaşıl istiqrazlar, rəqəmsal transformasiya, beynəlxalq inteqrasiya.
http://doi.org/10.59610/bbu1.2026.1.6.