Tədqiqatın məqsədi – Azərbaycanda qiymətli kağızlar bazarının inkişaf etdirilməsinin aktual problemləri və perspektivlərinin tədqiqindən ibarətdir. Bu məqsədlə qiymətli kağızlar bazarının funksiyalarının mahiyyəti və spesifik cəhətləri açıqlanmışdır. Müasir şəraitdə qiymətli kağızlar bazarının inkişaf etdirilməsinin ölkənin maliyyə bazarının genişləndirilməsinə təsiri baxılmışdır. Maliyyə xidmətlərinin strukturunun təkmilləşdirilməsində və diversifikasiyalaşdırılmasında qiymətli kağızlarla bağlı xidmətlərin rolu təhlil olunmuşdur. İqtisadiyyatın müxtəlif sahələrinin maliyyələşdirilməsində qiymətli kağızlar bazarının əhəmiyyəti araşdırılmışdır. Alternativ maliyyə mənbələri kimi real iqtisadiyyatın kreditləşdirilməsinin əlçatanlığında qiymətli kağızlar bazarının inkişaf etdirilməsinin vacibliyi bildirilmişdir. Qiymətli kağızlar bazarında sağlam və şəffaf fəaliyyət mühitinin, investisiya cəlbediciliyinin təmin olunmasını ləngidən problemlər açıqlanmışdır. Azərbaycanda qlobal maliyyə çağırışları və iqtisadi islahatların dərinləşdiyi bir şəraitdə qiymətli kağızlar bazarının inkişaf etdirilməsinin əsas hədəfləri və strateji fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.
Tədqiqatın metodologiyası – baxılan problemlərə dair sistemli və müqayisəli təhlildən, ölkədə qiymətli kağızlar bazarının inkişaf etdirilməsinin aktual problemləri və perspektivləri üzrə metodoloji yanaşmalardan, eyni zamanda bu sahədə ixtisaslaşan tədqiqatçıların elmi əsərlərindəki yanaşmalardan və üsullardan ibarətdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqat prosesində əldə edilmiş nəticələrdən və başlıca müddəalardan Azərbaycanda qiymətli kağızlar bazarının inkişaf etdirilməsinin aktual problemlərinin həlli məqsədilə müvafiq mexanizmlərin və fəaliyyət strategiyalarının hazırlanmasında istifadə edilə bilər.
Tədqiqatın nəticələri – Azərbaycanda qiymətli kağızlar bazarının inkişaf etdirilməsinin aktual problemləri açıqlanaraq, bu isitqamətdə mövcud potensial və perspektivli fəaliyyət istiqamətləri müəyyənləşdirilmiş, mövcud problemlərin həllinə dair tövsiyələr və təkliflər hazırlanmışdır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqatda araşdırılan problemlər üzrə hazırkı dövrün çağırışlarına uyğun baxışlar formalaşdırılmış və strateji yanaşmalar müəyyənləşdirilmişdir. Qiymətli kağızlar bazarının inkişaf etdirilməsi üçün müvafiq infrastrukturun formalaşdırılması və dünya təcrübəsinin dərindən öyrənilməsinin vacibliyi əsaslandırılmışdır. Maliyyə bazarındakı rolu və əhəmiyyəti nəzərə alınmaqla, qiymətli kağızlar bazarının mühüm funksiyaları açıqlanmış və onların rolu müəyyənləşdirilmişdir. Qiymətli kağızlar bazarının səmərəliliyinin artırılması hesabına real iqtisadiyyatın kreditləşdirilməsində alternativ mexanizmlərin yaradılmasının vacibliyi əsaslandırılmışdır. Qiymətli kağızlar bazarının işlək idarəetmə mexanizmlərinin təşkilinə zərurətin olduğu açıqlanmışdır. Beynəlxalq təcrübədən çıxış etməklə, Azərbaycanda qiymətli kağızlar bazarının milli iqtisadiyyatın maliyyələşdirilməsində əhəmiyyəti verilmişdir. Yaxın perspektivdə ölkədə qiymətli kağızlar bazarının inkişafının intensivləşdirilməsi üzrə əsaslandırılmış təkliflər hazırlanmışdır.
Açar sözlər: qiymətli kağızlar bazarı, qiymətli kağızlar, qiymətli kağızlar bazarının inkişaf problemləri, maliyyə bazarları, alternativ maliyyə mənbələri, real iqtisadiyyatın kreditləşdirilməsi, qiymətli kağızlar bazarının inkişaf perspektivləri.