Tədqiqatın məqsədi - təsadüfi seçmə əsasında tədqiqat dairəsinə daxil edilmiş ölkələrdə ESG (Environmental, Social and Governance) amillərinin iqtisadi inkişafına təsirini statistik qiymətləndirməkdir.
Tədqiqatın metodologiyası - tədqiqat prosesində ESG (Environmental, Social and Governance) amillərin iqtisadi inkişafına təsiri ən kiçik kvadratlar metodu əsasında korrelyasiya-reqressiya və kointeqrasiya təhlili, həmçinin bu problem üzrə müasir tədqiqatların nəticələri əsasında həyata keçirilir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - araşdırılan dəyişənlər arasındakı qarşılıqlı əlaqələrin empirik əsaslandırılması və əldə edilmiş nəticələrin ölkədə iqtisadi artımın humanistləşdirilməsinə istiqamətlənən dövlət siyasəti və biznes strategiyası üçün praktiki tövsiyyələrin işlənib hazırlanmasında mühüm əhəmiyyəti ola bilər.
Tədqiqatın nəticələri - tədqiqat prosesində reqressiya-korelyasiya və kointeqrasiya təhlil əsasında ESG prinsiplərinin praktiki tətbiqi və hər nəfərə düşən ÜDM arasındakı müsbət əlaqənin mövcudluğu subut olunmuşdur. Əldə edilmiş nəticələr biznes mühitində ESG-nin tətbiqinin, həmçinin iqtisadi artımın hümanistləşdirilməsi üzrə sonrakı nəzəri və empirik tədqiqatları üçün istifadə edilə bilər.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - müasir dövrdə beynəlxalq elmi cəmiyyətdə ekologiya, sosial məsuliyyət və korporativ idarəetmə amilləri ilə iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə haqqında birmənalı fikir yoxdur. Araşdırma prosesində ESG transformasiyasına cəlb edilən milli iqtisadiyyatın real ifadədə hər nəfərə düşən ÜDM-u ilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olma indeksi arasındakı qarşılıqlı əlaqə aşkar edilmiş və konkretləşdirilmişdir ki, bu da orijinal bir tədqiqat işi kimi dəyərləndirilə bilər.
Açar sözlər: dayanıqlı inkişaf, Dayanıqlı İnkişaf Məqsədləri, iqtisadi inkişaf, ESG amilləri, reqressiya, korrelyasiya, kointeqrasiya, xətaların düzəlişinin stasionar vektorlu modeli.